Alınmış biletə baqajı necə əlavə etmək olar
Bileti aldıqdan sonra baqajı əlavə etmək mümkündür. Bunun üçün rezervasiya kodunu və ya bilet nömrəsini, sərnişinin soyadını və ya rezervasiya zamanı istifadə olunan elektron poçt ünvanını bilmək lazımdır.
Artıq alınmış biletdə baqajı əlavə etməyin bir neçə yolu var:
- Əvvəlcə baqajı aviaşirkətin saytında şəxsi kabinet vasitəsilə və ya onların çağrı mərkəzi ilə əlaqə saxlayaraq əlavə etməyə çalışın. Əgər aviaşirkət vasitəsilə baqaj əlavə etmək mümkün olmazsa, satıcıya müraciət edin. Satıcının adı biletdə göstərilib.
- Satıcının saytına daxil olun və orada «Baqaj əlavə et» funksiyasının olub-olmadığını yoxlayın. Giriş üçün qəbzdə olan rezervasiya nömrəsi, sərnişinin soyadı və ya sifariş zamanı istifadə olunan elektron poçt ünvanı lazımdır.
- Əgər saytdan baqaj əlavə etmək mümkün deyilsə, satıcıya elektron poçt, əlaqə forması və ya telefon vasitəsilə müraciət edin. Müraciət üçün rezervasiya nömrəsi, soyadınız və bilet alınan elektron poçt ünvanı tələb olunur.
- Baqajı hava limanında qeydiyyat masasından da ödənişlə əlavə etmək olar, lakin bu, adətən daha baha başa gəlir.
Baqajı yalnız bir sərnişinə necə əlavə etmək olar
Əgər 2 və daha çox sərnişin üçün bilet axtarırsınızsa, nəzərə alın ki, hər bir sərnişin üçün eyni baqaj parametrləri tətbiq olunacaq. Yəni bir rezervasiya çərçivəsində səfər edən sərnişinlərin hər biri ya baqajsız, ya əl yükü, ya da baqaj daxil bilet əldə edəcək.
Əgər iki nəfər birgə səfər edirsə və sərnişinlərdən biri baqaj daxil, digəri isə baqajsız bilet istəyirsə, o zaman iki rezervasiya etmək olar: bir sərnişin üçün baqaj daxil, digəri üçün isə baqajsız. Bu o zaman mümkün ola bilər ki, sərnişinlərin hər ikisi böyükdür (yəni aviaşirkətdən asılı olaraq, 12, yaxud 16 yaşdan böyük).
Digər variant odur ki, hər iki sərnişin üçün bileti əl yükü daxil olmaqla əldə etmək olar. Daha sonra sərnişinlərdən biri üçün satıcı vasitəsilə baqaj əlavə etmək mümkündür.
Baqajın ölçüsünü və maksimum çəkisini necə yoxlamaq olar
Aviaşirkətlərin baqaj qaydaları bir-birindən fərqlənir. Bir çox satıcı şirkətlər bizə baqaj şərtləri və qaydaları barədə məlumat göndərirlər. Bu halda, bilet axtarışı zamanı həmin məlumatları sizə də təqdim edəcəyik. Məsələn, icazə verilən maksimal baqaj həcmi və ölçüləri.
Əgər biletə baqaj daxil deyilsə, baqaj əlavə etmək üçün əlavə ödənişin məbləğini də göstərəcəyik.
Heç də bütün satıcılar baqajla bağlı məlumatları bizə göndərmir. Odur ki, bilet alarkən satıcı şirkətin vebsaytında icazə verilən baqajın dəqiq ölçüləri və çəkisi barədə məlumat əldə etmək lazımdır.
Əl yükünün daşınma qaydalarını haradan yoxlamaq olar
Marşrut qəbzində və ya aviaşirkətin saytında.
Sizin marşrut qəbzinizdə nə qədər baqaj və əl yükü götürə biləcəyiniz, onların maksimum ölçüləri və çəkisi göstərilir. Əgər məlumat kifayət deyilsə, daşıyıcının saytına daxil olun və baqaj daşınma qaydaları bölməsini açın.
Əgər böyük ölçülü baqaj aparmağınız lazımdırsa, bütün şərtləri öyrənmək və detallarını müzakirə etmək üçün aviaşirkətlə əlaqə saxlayın.
Baqajda və əl yükündə nələri daşımaq qadağandır
- Partlayıcı və tez alışan maddələr: hər növ fişənglər, sursatlar, tezalışan yanacaq (dizel, benzin), kibrit və alışqanlar, boya həllediciləri və aerozol balonlarındakı boyalar, tərkibi 70%-dən çox spirt olan alkoqollu içkilər və spirt.
- Zəhərli, aşındırıcı və korroziyaedici maddələr, o cümlədən qələvilər və turşular, qaz balonları, civə, xlor, bioloji təhlükəli maddələr (məsələn, viruslar), zəhərlər və kimyəvi maddələr, ağardıcı tozlar və peroksidlər, radioaktiv maddələr.
- Elektroşok cihazları və odlu silahlar, xüsusi hallar istisna olmaqla. Odlu silahlar yalnız sərnişinin onu saxlamaq və daşımaq üçün icazəsi olduqda aviaşirkət tərəfindən daşına bilər. Silah yalnız baqaj bölməsində, boşaldılmış və sökülmüş halda, xüsusi çexolda daşına bilər. Hətta nə qədər zərərsiz olsalar da, oyuncaq silahları əl yükündə daşınmaq üçün qadağandır.
- Litium-ion akkumulyatorlarla təchiz olunmuş hərəkət vasitələri: elektrik skuteri, giroskuter və ya tək təkərli nəqliyyat vasitəsi.
Mütləq şəkildə ixracı qadağan olunmuş məhsulların, əşyaların və dərmanların siyahısını yoxlayın — bəzi ölkələrdəki qaydalar sizi təəccübləndirəcək. Məsələn, Tailanddan mərcan çıxarmaq qadağandır (buna görə həbsə düşə bilərsiniz!), Birləşmiş Ərəb Əmirliklərinə isə tərkibində kodein olan uşaq öskürək siropu ilə gəlmək olmaz.
Əl yükü üçün digər məhdudiyyətlər
Ümumilikdə, əl yükündə maksimum bir litr maye daşına bilər, lakin hər flakonun həcmi 100 ml-dən çox olmamalıdır. Bu məhdudiyyətlər "duti-free"dən alınan mayelərə şamil edilmir. Bəzən tranzit uçuş zamanı "duty-free"də aldığınız maye məhsulları baqaja qoymağınız tələb oluna bilər.
Uşaq qidaları istisnadır – maye halda olan uşaq qidalarını 100 ml-lik flakonlara qoymaq lazım deyil və əgər uşaqla uçursunuzsa, bu qidaları təyyarə göyərtəsinə götürmək olar.
Dərmanların daşınması ilə bağlı öncədən gedəcəyiniz ölkənin gömrük qaydalarını öyrənin və ya səfirliklə məsləhətləşin. Bəzi dərmanların qəbulu sizin ölkənizdə icazəli olsa da, onların digər ölkələrə gətirilməsi qadağan ola bilər və ya əksinə. Şprislər və iynələr daşımaq üçün uçuş zamanı onların sizə lazım olduğunu təsdiq edən tibbi sənədləri də özünüzlə götürməlisiniz.
Əl yükündə xəsarət yetirə biləcək hər hansı bir əşya, məsələn, hər növ deşici-kəsici əşyalar (qayçı, bıçaq, manikür üçün dırnaq bıçaqları, vintburanlar və digər iş alətləri) daşımaq da qadağandır.
"Powerbank"ları təyyarə göyərtəsinə götürmək olar, amma onların gücü 160 Vt/saatdan çox olmamalıdır. Reysi həyata keçirən aviaşirkətin vebsaytını yoxlamaq məsləhətdir, çünki əlavə qaydalar da ola bilər.
Əl yükündə aerozollar, o cümlədən «oddan təhlükəli» işarəsi olan dezodorantlar daşımaq qadağandır, hətta balonun həcmi 100 ml-dən az olsa belə. İdman avadanlıqları da təyyarə salonuna qəbul edilmir — xizək, snoubord, velosiped, sörf lövhələri və dalğıc avadanlıqları rahatlıqla baqaja təhvil verilə bilər. Bəzi aviaşirkətlər müəyyən mövsümdə idman inventarının pulsuz daşınmasına icazə verir — bu, əsas baqaja əlavə olaraq edilir. Şərtləri öncədən aviaşirkətin saytında öyrənmək tövsiyə olunur.
Əgər qeyri-adi bir əşyanı daşımaqla bağlı şübhəniz varsa və əlavə icazələrin lazım olub-olmadığını, yaxud sərhəddə əşyalarınızın müsadirə olunub-olunmayacağını bilmirsinizsə, aviaşirkətlə məsləhətləşin. Daşıyıcının saytında qaydaları öyrənin, və ehtiyac olduqda, dəstək xidmətinə müraciət edib bütün detalları aydınlaşdırın.